23.02.2010
Regionda yeganə ixtisaslaşdırılmış “Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” “HOREX” Beynəlxalq Sərgisi 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək. Sərgi əsas etibarı ilə mehmanxana və restoran sektorunun peşəkarları üçün nəzərdə tutulub. “HOREX” sərgisi iştirakçılara yeni məhsulları nümayiş etdirmək üçün əlverişli platforma olmaqla yanaşı, Azərbaycan və bütünlükdə Qafqaz regionunun qonaqpərvərlik bazarında məhsul və xidmətlərin istehlakçıları və təchizatçıları arasında səmərəli və faydalı əməkdaşlıqlar qurmaq və onları genişləndirmək üçün imkanlar təqdim edir.
Bu il sözügedən sərgidə Almaniya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 30-dan çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi mehmanxanalar, restoran və supermarketlər, fitnes klubları, kafe və barlar üçün kompleks təchizat, mətbəx avadanlıqları, ticarət köşkləri, qəlyanaltı sistemi, mehmanxanalar və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar təqdim edəcək. “HOREX” sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində xarici mütəxəssislərin iştirak etdiyi parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün peşəkar təkmilləşdirmə kursları keçiriləcək.
Azərbaycanda qonaqpərvərlik sektorunun inkişaf perspektivləri bu gün sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır. 4 il ərzində ölkədə otaqların ümumi sayı 30. 706 olan müxtəlif kateqoriyalı 370 mehmanxana inşa və bərpa edilib. 2009-cu ildə təxminən 60 mehmanxananın tikintisinə başlanmışdır və artıq 20 mehmanxana bu ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Hər il Azərbaycanda yeni supermarketlər açılır, ticarət, vitrin və soyuducu avadanlıqlarının keyfiyyəti və dizaynına olan tələblər artır. Bu gün Azərbaycanda 15 min müəssisə mehmanxana və restoran biznesi ilə məşğul olur. Təkcə Bakıda hazırda 5.000 ictimai iaşə obyekti fəaliyyət göstərir, orta hesabla hər ay yeni “A” və “B” kateqoriyalı obyektlər açılır. 2008-ci ildən etibarən, Xəzərin sahili boyu istirahət kompleksləri və mehmanxanaların intensiv şəkildə inşa edilməsi üzrə layihələr işə salınıb. Hal-hazırda, Azərbaycanın rayonlarında turizm kompleksləri, o cümlədən idman meydançaları, istirahət və əyləncə mərkəzlərinin daxil olduğu beşulduzlu mehmanxanaların inşası davam etdirilir. Bununla da, “HOREX” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələbatlarını əyani şəkildə əks etdirir. Sərginin üstünlüklərindən biri onun keçirildiyi yerdir. Belə ki, Bakı şəhəri bütünlükdə Qafqaz regionunun ənənəvi turizm və qonaqpərvərlik mərkəzi sayılır. Bu baxımdan, Qafqaz Beynəlxalq Sərgisinin əhəmiyyəti xüsusən yüksəkdir, belə ki, “HOREX” sərgisi regionda sənaye mütəxəssislərinin illik görüşləri üçün yeganə məkan olmaqla yanaşı, Azərbaycanda mehmanxana avadanlıqları və xidmətləri üzrə ən yeni texnologiyaların tətbiqinə imkanlar açan tərəfdaş münasibətlərinin qurulması üçün əvəzolunmaz bir meydandır.
Sizi 28 aprel tarixində “HOREX Azərbaycan” – “Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” 4-cü Qafqaz Beynəlxalq Sərgisində qonaqpərvərlik sektorunun aparıcı nümayəndələri arasında görməyə şad olardıq!